islamkingdomfaceBook


Həqiqətən, mö’minlər ancaq Allaha və Onu Peyğəmbərinə iman gətirən, ümumi bir iş (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış bir yerə getməyən kimsələrdir. (Ya Rəsulum!) Səndən izin istəyənlər - məhz belələri Allaha və Onun Peyğəmbərinə inananlardır. Əgər onlar bə’zi işləri üçün səndən izin istəsələr, onlardan özün istədiyinə (yanından getməyə) izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!

Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!

Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi olduğunuzu (hansı məzhəbə qulluq etdiyinizi) bilir. Allah (məxluqatın, yaxud münafiqlərin dirilib) Onun hüzuruna qaytarılacaqları gün (qiyamət günü) onlara (dünyada) nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi biləndir!

Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.