islamkingdomfaceBook


Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö’minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö’minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və’d buyurmuşdur!

Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.

Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (mö’minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!

(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!