islamkingdomfaceBook


Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)

Onlar (mö’minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).

Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.

Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.

(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və mö’minlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!