islamkingdomfaceBook


Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,

Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!

O, kefi istəyəni (havadan) danışmır.

Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.

Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.

O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü.

O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.

Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.

Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.

Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı).

Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?

And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü;

(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.

(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır.

O zaman Sidrəni nələr bürümüşdü, nələr!

Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).

And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.

(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!

Digər üçüncü (büt) olan Mənat da həmçinin?!

Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!

Elə isə bu ədalətsiz bölgüdür!

Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir.

Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər).

Axirətdə, dünya da ancaq Allahındır!

Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər).