islamkingdomfaceBook


Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur’anın) ayələridir. Rəbbindən sənə nazil olan (Qur’an) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!

Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!

Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.

(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.