islamkingdomfaceBook


Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!

(Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.

Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!

(Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).

Sən (onlara Qur’anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö’minlərə fayda verir.

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm!

Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!

Və’d olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına!

And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;

And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -

Açıq dəri üzərində (olan kitaba);

And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;

And olsun yüksək tavana (uca göyə)

Və dolub daşan (alovlanan) dənizə ki,

Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!

Onu heç kəs dəf edə bilməz!

O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),

Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.

O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!

O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.

O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!